Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, İslam İnqilab üzrə Ali Şuranın katibi Höccətül-İslam vəl-müslimin Əbdülhüseyn Xosrov Pənah bu gün Qum İslam Maarifləri Universitetində yerləşən “Şəhid Sərdar Qasim Süleymani” konfrans zalında keçirilən “İslam İnqilabına uyğun idarəetmə modeli İmam Xameneinin düşüncə və davranışında” adlı milli konfransda çıxış edərək İslam idarəçiliyinin əhəmiyyətini vurğulamışdır.
O, qeyd etmişdir ki, İslam idarəçiliyi İslam təlimlərinə, məntiqə və təcrübəyə əsaslanır.
İslam idarəçiliyinin tərifi
Xosrov Pənah bildirib ki, “İslam idarəçiliyi” anlayışı inqilabın başlanğıcından etibarən müzakirə mövzusu olmuşdur.
O demişdir: “İslam idarəçiliyi, mövcud idarəetmə modellərinə bənzər şəkildə siyasətqurma, planlaşdırma, qərar qəbuletmə, təşkilatlanma, rəhbərlik və nəzarət mərhələlərini əhatə edir. Lakin ondan fərqli olaraq, burada İslam təlimlərindən, ağıl və təcrübədən istifadə əsas rol oynayır.”
Ali Şuranın katibi əlavə etmişdir: “İslam idarəçiliyi insan, maliyyə, fiziki və informasiya kimi təşkilatçılığa aid resursları qurumun məqsədləri istiqamətində yönləndirir. Lakin bu prosesin çərçivəsi İslam dəyərləri və prinsiplər üzərində qurulmuşdur.”
Humanitar və ictimai elmlər həmişə ideologiyaya əsaslanır
Xosrov Pənah qeyd etmişdir ki,“bütün humanitar və ictimai elmlər, o cümlədən ‘elmi idarəetmə’ adı altında tədris olunan sahələr belə ideoloji əsaslara malikdir.
Bu sahədə elə bir elmi nəzəriyyə yoxdur ki, onun dəyərləri və nəzəri prinsipləri ideologiyadan tam asılı olmasın.”
Elmi hövzə üzrə müəllim və tədqiqatçı vurğulamışdır: “Əgər idarəetmə məsələlərini İslam çərçivəsində inkişaf etdirmək istəyiriksə, onları İslam dəyərləri və təlimlər əsasında, eyni zamanda ağıl və təcrübənin əsası ilə həyata keçirməliyik.”
Ali Rəhbərin idarəçilik modeli
Höccətül-İslam vəl-müslimin Xosrov Pənah çıxışının davamında İnqilabın Ali Rəhbərinin idarəçilik modelinə toxunaraq demişdir:
“Ali Rəhbərin idarəçilik üslubunu düzgün dərk etmək üçün əvvəlcə İmam Xomeyninin (r) düşüncə sistemi və əməli davranışına diqqət yetirmək lazımdır.
İslam idarəçiliyi ontoloji (varlıq), antropoloji (insan) və epistemoloji (bilik) əsaslara söykənir və onun məqsədi dünyəvi inkişafla axirət səadətini birləşdirməkdir.”
Ali Şuranın katibi əlavə etmişdir: “İslam idarəçiliyində qərar qəbuletmə təkcə ağla əsaslanmır; rəhbər sağlam qəlb və aram nəfs sahibi olmalı, qərarlarını həm reallığa uyğun, həm də İslam dəyərlərinə müvafiq şəkildə verməlidir.”
Elmi hövzənin müəllimi və tədqiqatçısı qeyd etmişdir: “İslam idarəçiliyi – ağıl, təcrübə və dini təlimlərə əsaslanaraq düzgün qərarlar qəbul etməkdir ki, bu yolla həm insanın dünya həyatı, həm də axirət səadəti xeyir yoluna yönəlsin.”
Höccətül-İslam vəl-müslimin Xosrov Pənah İslam İnqilabına uyğun idarəçilərin xüsusiyyətlərinə toxunaraq ölkənin idarəçilik sistemində bacarıqlı və dindar şəxslərin mühüm roluna diqqət çəkmişdir.
O qeyd etmişdir: “İdarəçi məsuliyyət daşımaq gücünə malik olmalı, işinə vaxt ayırmalı və İmam Xomeyni ilə Ali Rəhbərin istiqamət verdiyi yolda fəaliyyət göstərməlidir.”
Bəzi səthi yanaşmalara tənqid
Höccətül-İslam vəl-müslimin Əbdülhüseyn Xosrov Pənah idarəetmə ilə bağlı bəzi səthi yanaşmaları tənqid edərək demişdir:
“Qərb baxışında əsas diqqət struktur və sistem üzərində cəmlənir, insan amilinə isə kifayət qədər yer verilmir. Halbuki, İslam İnqilabının idarəetmə konsepsiyasında əsas mərkəzdə alim, dindar və bacarıqlı insan dayanır.”
O əlavə edib: “Dindar və bacarıqlı bir idarəçi təşkilatın zəif tərəflərini müəyyənləşdirə və onları aradan qaldıra bilər. İmam Xomeyni (r) daim vurğulayırdı ki, idarəetmədə şəxslərin seçimi partiya və ya siyasi mənsubiyyətə görə deyil, elmi ləyaqətə, peşəkar bacarığa və dini-əxlaqi təqvaya əsaslanmalıdır.”
Ölkə idarəetməsində praktik təcrübələr
İslam İnqilabı Şurasının katibi ölkədəki uğurlu idarəçilik nümunələrinə toxunaraq demişdir: “Məsələn, elmi və texnoloji məsələlər üzrə köməkçiliyin nəzdindəki Nano Texnologiyalar Qərargahı bacarıqlı bir idarəçi tərəfindən sıfırdan qurulmuş və qısa müddətdə dünyanın dördüncü–beşinci mövqeyinə yüksəlmişdir.
Eyni zamanda Ali Səhiyyə və Qida Təhlükəsizliyi Şurasının Qida Təhlükəsizliyi sənədi də göstərir ki, düzgün idarəetmə, xalqın problemlərinin dərindən dərk edilməsi və uzaqgörənlik struktur və siyasətlərin səmərəliliyini təmin edir.”
Hövzə və universitet müəllimi əlavə etmişdir: “Təəssüf ki, bəzi sənədlər və proqramlar ya təhrif olunur, ya da düzgün şəkildə icra edilmir. Lakin xalqın problemlərinə bələd olan, məsuliyyətli və sadiq rəhbərlərin iştirakı bu mənfi tendensiyanı aradan qaldıra bilər.”
İmam Xomeyninin (r) baxışında idarəçiliyin üç əsas xüsusiyyəti
Xosrov Pənah sözlərinə davam edərək demişdir: “İmam Xomeyninin (r) idarəçilik baxışının birinci xüsusiyyəti dindar və bacarıqlı insan amilinə diqqət idi. O, idarəçi seçimində elmi bilik, əməli bacarıq və əxlaqi təqva meyarlarını əsas götürürdü.”
O əlavə etmişdir: “İkinci xüsusiyyət effektiv struktur quruculuğu idi. İmam Xomeyni tərəfindən yaradılan Kömək Fondu (Komitəye İmdad), Mənzil Fondu (Bonyade məskən), İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və İnkişaf cihadı (Cihade sazəndegi) kimi qurumlar bunun uğurlu nümunələridir.
Üçüncü xüsusiyyət isə uzaqgörənlik və strateji proqnozlaşdırma idi. İmam Xomeyni Sovet İttifaqının dağılması, Bəəs rejiminin müharibəyə başlama ehtimalı və Küveytin işğalı kimi hadisələri əvvəlcədən proqnozlaşdırmış və bunlara qarşı 20 milyonluq Bəsic ordusunun yaradılması kimi qabaqlayıcı tədbirlər görmüşdü.”
O, çıxışının davamında qeyd etmişdir: “İnqilabi idarəetmə, xalqın ağrısını dərk etmək, strukturları islah etmək və İmam Xomeyni ilə Ali Rəhbərin ideoloji və mənəvi istiqamətləri əsasında hərəkət etmək deməkdir.
Bu hər iki rəhbərin vurğuladığı hakimiyyət və idarəetmə metodunun mahiyyətini təşkil edir.”
İmam Xomeyni və Ali Rəhbərin idarəçilik və hakimiyyət modeli
Hövzə ustadı, İmam Xomeyninin idarəçilik sistemi və bu sistemin Ali Rəhbərin idarəçiliyində davamlılığını şərh edərək qeyd etmişdir:
“İmam Xomeyninin idarəçilik üslubu özünüidarə, cəmiyyətin idarə olunması və qlobal səviyyədə məsuliyyətli hakimiyyət prinsiplərinə əsaslanırdı və bu sistem bu gün də Ali Rəhbərin idarəçiliyində davam edir.”
Höccətül-İslam vəl-müslimin Xosrov Pənah əlavə etmişdir: “İmam Xomeyni tərəfindən təsis edilən Dövlət Məsləhətləri Müəyyənləşdirmə Şurası elmi və təcrübəli şəxslərin məsləhətlərindən faydalanmaq və Vilayəti Fəqihin qərarvermə prosesinə dəstək vermək məqsədilə yaradılmışdır. Bu qurum həm də idarəetmədə motivasiya, təşkilatlanma və moderasiya mexanizmini təmin etmişdir.”
O əlavə etmişdir: “İmam Xomeyninin idarəçiliyində bütün məsələlər xalq yönümlü idi; Mənzil Fondu, Kömək Komitəsi, Hərtərəfli Savadlanma Hərəkatı və digər təşəbbüslərin hamısı xalqın rifahına xidmət etmək məqsədilə formalaşdırılmışdır.”
İslam İnqilabı Şurasının katibi vurğulamışdır: İmam Xomeyni ədalət, nəzarət və məsuliyyətə əsaslanan idarəçilik modeli ilə qlobal təsir gücünə malik idi və onun rəhbərliyi beynəlxalq sistemlərə belə təsir göstərmişdir.
Ali Rəhbərin idarəçilik xüsusiyyətləri
Höccətül-İslam vəl-müslimin Əbdülhüseyn Xosrov Pənah vurğulamışdır ki, Ali Rəhbər, İmam Xomeyninin (r) məktəbinin davamçısı və layiqli şagirdidir.
O, qeyd etmişdir ki, Ali Rəhbərin idarəçilik üslubu qüdrət yaradan, cəsarətli və özünənəzarətə əsaslanan rəhbərlik modelidir.
Onun idarəçilik prinsiplərinin əsasını Allaha bağlılıq, dini qeyrət, rasional düşüncə, mənəviyyat və dünya ilə axirət arasında vəhdət təşkil edir.
Xosrov Pənah əlavə edib ki, cəmiyyətin idarə olunması cihad ruhu və müqavimət iradəsi ilə mümkündür və bu idarəçiliyin əsas məqsədləri milli müstəqillik, izzət və qüdrətin qorunması, eləcə də xalq birliyinin möhkəmləndirilməsidir.
İslam Respublikasında ümumi idarəçilik prinsipləri və strukturquruculuq
Höccətül-İslam Xosrov Pənah ölkənin ümumi siyasətlərinə toxunaraq demişdir: “Təhsil və tərbiyə, elm və texnologiya, ailə institutu, müqavimət iqtisadiyyatı, imamət və səhiyyə kimi sahələrdəki ümumi dövlət siyasətləri Ali Rəhbər tərəfindən müəyyənləşdirilərək Məsləhət Şurasına və digər müvafiq qurumlara təqdim olunmuşdur.”
O qeyd edib ki, Ali Rəhbərin idarəçiliyinin mühüm xüsusiyyətlərindən biri mövcud qurumların qorunub gücləndirilməsi ilə yanaşı, yeni və funksional strukturların yaradılmasıdır.
Buna misal olaraq, fəal gənclərin birliyini və həmrəyliyini təmin etmək məqsədilə yaradılmış Mədəni-İctimai Qərargahı, eləcə də Ali Kiberməkan Şurasının təsis edilməsini göstərmək olar.
Xosrov Pənah bildirib ki, xalq yönümlü idarəetmə Ali Rəhbərin rəhbərlik üslubunun əsas istiqamətlərindən biridir və bu prinsip həm İmam Xomeyninin, həm də Ali Rəhbərin çıxış və göstərişlərində dəfələrlə vurğulanmışdır.
Höccətül-İslam Xosrov Pənah əlavə edib: “Ali Rəhbərin idarəçilik baxışının ən mühüm xüsusiyyətlərindən biri, mərhələli idarəetmə prosesidir ki, bu proses inqilabi qüvvələrin formalaşmasından və xalq yönümlü idarəetmədən başlayaraq, sonda İslam cəmiyyətinin və İslam sivilizasiyasının qurulmasına aparır.”
Bu mərhələli proses İslam hərəkatından İslam sisteminə, oradan İslam dövlətinə, daha sonra İslam cəmiyyətinə və nəhayət İslam sivilizasiyasına doğru inkişaf edən bir zəncirdir.
İslam inqilabından İslam sivilizasiyasına doğru idarəçilik prosesi
İslam İnqilabı Şurasının katibi qeyd etmişdir ki, Seyid Əli Xamenei öz rəhbərliyi dövründə yeni anlayışlar və terminlər yaratmaqla, həmçinin yeni idarəetmə ədəbiyyatı formalaşdırmaqla, İslam cəmiyyətinin inkişaf istiqamətini müəyyən etmişdir.
“İslamın yeni sivilizasiyası”, “mədəni mühəndislik”, “azad düşüncə hərəkatı”, “azad düşüncə tribunaları”, “ölkənin elmi inkişaf xəritəsi” kimi anlayışlar məhz onun elmi və strateji təşəbbüslərinin məhsuludur.
Bu konseptlərdən bəziləri hələ İslam İnqilabından öncə belə onun fikirlərində öz əksini tapmışdı.”
Yeni idarəetmə anlayışlarının və nəzəri çərçivələrin yaradılması
O, Ali Rəhbərin idarəetmə fəlsəfəsində nəzarət və səmərəliliyin xüsusi yer tutduğunu vurğulayaraq deyib: “Ali Rəhbər artıq 35 il öncə idarəetmədə təsirliliyin (effektivliyin) zəruriliyini gündəmə gətirmişdir. O dövrdə Qərb universitetləri bu anlayışa hələ diqqət yetirmirdilər.
Rəhbərin baxışına görə, siyasət və qanunlar sadəcə qəbul olunmaqla kifayətlənməməli, real nəticə doğurmalı, cəmiyyətin problemlərini həll etməlidir.”
İrəliləyiş və ədalətin vəhdəti – Rəhbərin daimi qayəsi
Höccətül-İslam Xosrov Pənah xatırladıb ki, “Ali Rəhbər daim inkişaf və ədalətin vəhdətinə sadiq qalıb.
Elə bir vaxtda ki, bəzi inqilab xadimləri inkişafı prioritet hesab edirdilər, Rəhbər bu anlayışın əvəzinə ‘irəliləyiş’ terminini irəli sürdü.
Bu ölkənin inkişaf yolunun sosial ədalət prinsipləri ilə vəhdətdə davam etməsi, inkişafın ədaləti kölgədə qoyan mexanizmə çevrilməməsi məqsədinə xidmət edirdi.”
Səmərəlilik və nəzarət – Rəhbərin 35 il öncədən formalaşmış idarəetmə prinsipləri
Höccətül-İslam vəl-müslimin Xosrov Pənah, Ali Rəhbərin idarəçiliyində reallıqla idealizm arasında tarazlığın əhəmiyyətinə toxunaraq bildirib:
“Ali Rəhbər daim reallıqları əsas götürür, eyni zamanda idealist mövqeyini də qoruyur. Bu yanaşma nəticəsində ölkə idarəçiliyi həm sabitlik, həm də çeviklik xüsusiyyətlərinə malik olub və inqilabın dəyərləri ilə istiqaməti daim qorunub saxlanılmışdır.”
Cihad ruhuna əsaslanan idarəetmə
Elmi hövzənin ustadı, Ali Rəhbərin idarəetmə üslubunun praktik nümunələrinə diqqət çəkərək deyib: “Elm və texnologiya sahəsində Ali Rəhbər, xırda detalların idarəsinə birbaşa müdaxilə etmədən, üç min alim və mütəxəssisi bir araya gətirərək müxtəlif elmi və hərbi layihələri eyni zamanda həyata keçirməyi təmin etmişdir.
Bu cihad ruhuna əsaslanan, təsirli və səmərəli idarəetmə modelidir və bu gün ölkə üçün nümunəvi bir idarəçilik nümunəsi hesab olunur.”
İslam İnqilabı Şurasının katibi çıxışının sonunda vurğulayıb: “İmam Xomeyninin (r) vəfatından sonra yaranmış çoxsaylı fitnələrə və hücumlara baxmayaraq, Ali Rəhbər ölkə sistemini sabit və möhkəm şəkildə irəli aparmış, inkişaf, ədalət və səmərəliliyin paralel şəkildə qorunmasına nail olmuşdur.
Bu idarəçilik üslubu reallığa əsaslanan baxış, idealizm və cihad ruhunun vəhdətinə söykənir və ölkə məmurları üçün dəyərli və örnək bir model hesab olunur.”
Xəbərin sonu
Rəyiniz